Hannah Arendt: sağlam düşüncəyə bir təcavüz olaraq antisemitizm (1-ci hissə)

Fəlsəfə
Photo

"Totalitarizmin mənşəyi" kitabından

Bir çox insan, nasist ideologiyasının antisemitizm ətrafında cəmləşməsini və nasist siyasətinin öz müntəzəmliyindən çox kiçik yayınma belə göstərmədən yəhudilərə zülm etməsini və yekun olaraq onları məhv etməyi qarşısına məqsəd qoymasını hələ də bir təsadüf hesab edir. Bu yekun fəlakətin yaratdığı dəhşət və həyatda qalanların yurdsuzluq və köksüzlüklərinə görədir ki, "Yəhudi problemi" müharibədən sonra gündəlik siyasi həyatımızın əsas məsələlərindən birinə çevrilmişdir. Şəxsən nasistlərin əsas kəşflərindən biri olduğunu iddia etdikləri məsələ – yəhudilərin dünya siyasətindəki rolları – və əsas maraq məsələləri – dünyanın hər yanındakı yəhudilərə zülm etmək – ictimaiyyət tərəfindən kütlələri öz tərəfinə çəkmək üçün uydurulmuş bəhanə və ya maraqlı demaqoqluq hiyləsi kimi qəbul edilmişdir.

Nasistlərin sözlərinin ciddi qəbul edilməməsinin başa düşülməyəcək yanı yoxdur. Lakin müasir tariximizdə, əsrimizin həll edilməmiş bütün böyük siyasi problemləri qaldığı halda, bu qədər kiçik və əhəmiyyətsiz görülən Yəhudi məsələsinin həmin nəhəng saatlı bombanın sancağını çəkməsi qədər, narahatedici və sirli bir yan da tapmaq, demək olar ki, mümkün deyil. Səbəb və təsir arasındakı bu cür qeyri-mütənasibliklər, tarixçinin tarazlıq və harmoniya duyğusunu alt-üst etməklə yanaşı, sağlam düşüncəmizə təhqirdir. Antisemitizmə dair verilən bütün açıqlamalar hadisələrlə müqayisə edildikdə, bu nisbət hissimizi və müdrikliyə bağladığımız ümidləri dəhşətli şəkildə təhlükəyə atan bir məsələni sanki tez-tələsik və təhlükəli şəkildə ört-basdır etmək üçün uydurulmuşdur.

Tez-tələsik verilən bu açıqlamalardan biri, antisemitizmi ifrat millətçilik və buna müvafiq olaraq baş verən əcnəbi qorxusundan (ksenofobiya) meydana çıxan coşqunluq ilə eyniləşdirmək olmuşdur. Təəssüf ki, reallıq budur: müasir antisemitizm, ənənəvi millətçiliyin geriləməsinə paralel olaraq yüksəlmiş və tam olaraq Avropa millət-dövlətlər sistemi ilə onun qərarsız güclər tarazlığının pozulduğu bir dövrdə zirvə nöqtəsinə çatmışdır.

Nasistlərin məlum mənada millətçi olmadığına daha öncədən də diqqət çəkilmişdi. Nasistlərin millətçi təbliğatları onlara inanmış nümayəndələrinə deyil, tərəfdarlarına qarşı yönəlmişdi. Əsas üzvlərin partiyanın universal hədəflərindən yayınmasına az da olsa, icazə verilməmişdir. Alman "millətçiliyi", müharibə zamanı Sovet İttifaqında sadəcə kütlələrin qərəzlərini bəsləmək məqsədiylə istifadə edilən millətçi təbliğat ilə bir çox ortaq xüsusiyyətə malik idi. Nasistlər millətçiliyin səhtiliyini, millət-dövlətin əyalətçiliyini qəbul etməmədə səmimi idilər və heç vaxt bu mövqelərindən geri addım atmadılar. Eynilə Bolşevik Partiyası kimi, nasistlər məzmun baxımından beynəlxalq xarakter daşıyan hərəkatlarının özləri üçün məcburi şəkildə müəyyən bir torpaq parçası ilə məhdudlaşan hər hansı bir dövlətdən daha çox əhəmiyyətli olduğunu yeri gəldikcə təkrar etdilər. Və təkcə almanlar deyil, ən azı yetmişbeş illik antisemitizm tarixi də, antisemitizmi milliyyətçilik ilə eyniləşdirmənin əleyhinə dəlil kimi mövcuddur. Yenə 19-ci əsrin son on ilində yaradılan ilk antisemit partiyalar da beynəlxalq səviyyədə bir araya gələn və [beynəlxalq] bir dünyagörüşünə əsaslanan ilk partiyalardır. (Erkən dövr sosialist partiyalar fəhlə sinfinin mənafeləri ilə məşğul olurdular). (Antimsemitlər) ilk dövrdən etibarən beynəlxalq konqreslər təşkil etdilər və beynəlxalq tədbirləri arasında, ən azından Avropa miqyasında, müəyyən koordinasiya yaratmağa çalışdılar.

Millət-dövlətin tənəzzülü ilə antisemitizmin yüksəlişinin üst-üstə düşməsində olduğu kimi, ümumi meylləri yalnız bir səbəblə qənaətbəxş şəkildə açıqlamaq o qədər də mümkün deyil. Bu kimi halların çoxunda tarixçi, bir amili "zamanın ruhu" kimi içindən çəkib çıxarmaqda özünü haradasa sərbəst hiss etdiyi, amma əslində nə edəcəyini bilmədiyi son dərəcə mürəkkəb bir tarixi vəziyyətlə üz-üzədir. Lakin bir neçə yardımçı ümumi qayda da var. Məqsədlərimiz üçün ən başda gələni, Tokiavelli (L'Ancien Regime et la Revolution kitabı) Fransız İnqilabı baş verdiyi zaman kütlələrin aristokratiyaya qarşı bəslədiyi şiddətli nifrət hisslərinə dair etdiyi böyük kəşfdir. Əslində bu təəccüblüdü, çünki həmin vaxt fransız əsilzadələri güclərinin zenitində deyildi və hakimiyyətlərinin təzyiq və istismar kimi birbaşa təsirləri aradan qalxmışdı. Görünən odur ki, məhz bu açıq güc itkisi xalqın qəzəbini təhrik etmişdi. Tokiavelliyə görə, fransız aristokratiyasının güc itkisi özü ilə (aristokratiyanın) sərvətlərinin azalmasını gətirib çıxarmamış, beləliklə, xalq birdən-birə sərvət və heç bir hakimiyyət funksiyası əhatə etməyən həlledici ictimai ayrı-seçkilik titulları görmüşdü. Xalqın qəzəbini coşduran, sözün əsl mənasında lüzumsuz olan bu artıqlıqdı. Həqiqətən əsla kiminsə mülkiyyətində olmadığı və digər insanlara yönəlik olması etibarilə insanlararası münasibətlərdə reallıq qazandığı üçündür ki, hakimiyyət və güc heç vaxt lüzumsuz və artıqlıq ola bilməz. Sərvət həqiqətən də fərdi bir məsələdir – zəngin olan bütöv bir sinif də olsa, belədir. Hakimiyyət isə məhvedici də olsa, daim icma yaradıcıdır. Təzyiq anında belə, idarə edilənlər hakimiyyətin icma (camaat) yaradıcı funksiyasını hiss edirlər. Belə ki, aristokratiya geniş mühakimə səlahiyyətlərinə malik olduğu müddət ərzində yalnız xoş qarşılanmaqla qalmır, hörmət də görürdü. Lakin əsilzadələr mütləq monarxiyayla bərabər digər imtiyazları ilə yanaşı istismar və təzyiq tətbiq etmək imtiyazlarını da itirdikdə, xalq onları ölkənin idarəsində hansısa real funksiyası olmayan parazitlər kimi görməyə başladı. Başqa sözlə, əsl təhrikedici olan, çox nadir halda konkret təzyiq və istismardır; müşahidə edilən bir funksiyası olmayan zənginlik daha çox dözülməzdir, çünki heç kəs ona nə üçün dözmək gərəkdiyini dərk edə bilmir.

Eyni şəkildə antisemitizm də zirvə nöqtəsinə çatdıqda, yəhudilər ictimai funksiyalarını və nüfuzlarını itirmiş və əllərində sərvətlərindən başqa heç nə qalmamışdı. Hitler hakimiyyətə gələndə alman bankları onsuz da haradasa jude-ınrein (yəhudilərdən təmizlənmişdi) olmuşdu (yəhudilər bir əsrdən artıq idi ki, buradakı əsas vəzifələri əllərində saxlayırdılar) və bütövlükdə alman yəhudiliyi, ictimai status və saylarında uzun müddət baş verən yüksəlişdən sonra, statistikaçılarda bir neçə onillik ərzində aradan qalxacağı gözləntisini yaradacaq bir sürətlə süquta doğru getmişdi. Statistikaların mütləq şəkildə həqiqi tarixi prosesləri əks etdirdiyini demək doğru olmaz; lakin nasist zülmünün və məhv etmə siyasətinin bir statistikaçıya hər halda baş verməsi gözlənilən prosesi mənasız sürətləndirmə kimi gəlməsi də qeyd edilməyə layiq hadisədir.

Eyni vəziyyət demək olar ki, bütün Qərbi Avropa ölkələri üçün də xasdır. Dreyfus İşi, fransız yəhudiliyinin rifah və nüfuz baxımından zirvədə olduğu İkinci İmperiya dövründə deyil, yəhudilərin siyasət səhnəsindən olmasa da, bir vaxtlar əllərində saxladıqları mühüm vəzifələrdən silindikləri Üçüncü Respublika dövründə baş vermişdi. Avstriya antisemitizmi də özünü bütün şiddətilə, Metternix ilə Frans Jozefin yəhudilərin həqiqətən mühüm rollar oynadığı səltənətləri zamanı deyil, Habsburq monarxiyasının süqutundan yəhudilər qədər nüfuz və hörmət itkisinə məruz qalmış bir qrup tapmağın mümkün olmadığı müharibə sonrası Avstriya Respublikasında göstərmişdir.

Gücsüz ya da güc itkisinə məruz qalmış qrupların məruz qaldığı zülm heç də xoş bir mənzərə olmaya bilər, amma bunun səbəbi təkcə insanların alçaqlığı deyil. İnsanların real hakimiyyətə tabe olmalarını, ya da tolerantlıqla yanaşmalarını, digər tərəfdən hakimiyyətdən məhrum, lakin sərvət sahibi insanlardan nifrət etmələrini təmin edən şey, iqtidarın/gücün müəyyən bir funksiyaya və müəyyən bir ümumi faydaya malik olduğuna dair bəslənən siyasi instinktdir. Hətta istismar və təzyiq, yenə də cəmiyyətin işləməsini və müəyyən bir nizam qurulmasını təmin edir. Sadəcə, gücdən məhrum bir sərvət və siyasəti olmayan bir təkəbbür, parazitizm, yararsızlıq və ikrah hissi yaradır; çünki bunlar insanları bir-birinə bağlayan bütün telləri qopardır. İstismar etməyən zənginlik, istismar edənlə istismar edilən arasındakı əlaqədən belə məhrumdur. Hakimiyyət iradəsindən məhrum bir təkəbbürdə, zorakının məzluma göstərdiyi həmin minimum maraqdan belə əsər-əlamət yoxdur.

Bununla belə, Qərbi və Mərkəzi Avropa yəhudiliyinin yaşadığı bu ümumi geriləmə, sonrakı hadisələrin baş verəcəyi iqlimi yaratmışdır sadəcə. Aristokratiyanın məruz qaldığı güc itkisi Fransız İnqilabını tək başına nə qədər açıqlaya bilərsə, bu geriləmə də həmin hadisələri o qədər açıqlaya bilər. Yenə də tarixin bu ümumi təcrübələrini yadda saxlamaq, sağlam düşüncənin bizləri şiddətli nifrət hissinin yaxud gözlənilməz anda baş verən üsyanların, mütləq hakimiyyətlərin təziqçi tətbiqatlarından və çox böyük istismarlardan meydana çıxdığına və buna görə də yəhudilərə qarşı bəslənən təşkilatlı nifrətin, yəhudilərin sahib olduqları önəm və gücə duyulan reaksiyadan başqa bir şey olmadığına inanmağa sövq edən təəssüratları çürütmək baxımından yaxşıdır.

Sağlam düşüncə mənşəli başqa bir hipotez, əksinə, yəhudilərin iqtidarsızlığından/güçsüzlüyündən hərəkət edərək, onların müasir siyasətdə oynadıqları rolu günah keçisi olmağa uyğun mövqelərinə calayır. Bu açıqlamanın ən yaxşı nümunəsini – həmçinin ən yaxşı çürüdülməsini – Birinci Dünya Müharibəsindən sonra danışılan və bir çox liberalın qəlbində kök salmış bu əhvalatda tapmaq mümkündür. Bir yəhudi düşməni müharibəyə yəhudilərin səbəb olduğunu iddia edir. "Bəli" - deyir qarşısındakı, "yəhudilər və velosipedçilər". "Nə üçün velosipedçilər"? - soruşur yəhudi düşməni. "Nə üçün yəhudilər"? –qarşısındakı da soruşur. Yəhudilərin həmişə günah keçisi olduqlarını deyən nəzəriyyə, başqalarının də günah keçisi olma ehtimalını ehtiva edir. Bu nəzəriyyəyə görə, qurban tamamilə məsumdur. Və bu məsumluq anlayışında, sadəcə qurbanın bir pisliyinin olmadığı, amma edilənlərin də həmin məsələ ilə hər hansı bir əlaqəsinin olmadığına işarə edilir. Lakin bu nəzəriyyənin tərəfdarları, nə vaxt bu və ya digər günah keçisinin oynadığı rola niyə bu qədər uyğun gəldiyinə dair qayğılı açıqlamalar verməyə cəhd göstərsələr, nəzəriyyəni bir yana qoyub – indiyə qədər, tarixin çoxlu sayda qrup tərəfindən yaradıldığı və aralarından bir qrup xüsusi bir rol üstünə götürdükdə bunun tarixi səbəblərə əsaslandığı prinsipi xaricində kəşf edilmiş hər hansı bir qaydanın olmadığı – ənənəvi tarixi araşdırmalara istiqamətlənirlər. Günah keçisi adı verilənlər, dünyanın günahlarından məsul tutduğu və sayələrində cəzadan xilas olmaq istədiyi günahsız qurbanlar olmağı tərk edib, hamısı da dünya işlərinə bulaşmışlar arasından bir qrup insana çevrilir.

Axır vaxtlara qədər günah keçisi nəzəriyyəsinin daxili ziddiyyəti, gücünü həyatın yükündən qaçmaqdan alan digər nəzəriyyələrlə birlikdə rədd edilməsi üçün yetərli bir səbəbdi. Lakin terrorun, dövlət idarəçiliyinin əsas silahlarından biri kimi ortaya çıxması, bu nəzəriyyəyə də daha əvvəl sahib olmadığı etibar və inam qazandırdı.

Müasir diktaturalarla keçmişin bütün tiranları arasındakı əsas fərq, terrorun artıq ilk növbədə müxalifləri qorxutma və məhv etməyin bir vasitəsi deyil, tamamilə boyun əymiş xalq kütlələrini idarə etməyin daimi aparatı kimi istifadə edilməsindədir. Müasir terror, müxalifətin təhrikinə möhtac deyil və qurbanları, zorakının baxış bucağından belə məsum insanlardır. Yəhudilərə, yəni fikirlərinə və hərəkətlərinə baxmadan müəyyən ümumi xüsusiyyətlərə sahib bir qrup insana qarşı tam terrorun tətbiq edildiyi Nasist Almaniyasında vəziyyət belə idi. Sovet Rusiyasının vəziyyəti bir qədər qarışıqdır, amma rejim təmizləmələrin əvvəlcədən müəyyən edilmiş nisbətlərə görə aparıldığını və qurbanların davranışları ilə heç bir əlaqəsi olmadığını əsla qəbul etməsə də, bənzər bir vəziyyət mövcuddur. Bir tərəfdən Bolşevik sistem, almanlardan fərqli olaraq, günahsız insanlara qarşı terroru nəzəri olaraq heç vaxt qəbul etməmişdir və hər nə qədər bəzi tətbiqlərə baxdıqda riyakarlıq kimi görünsə də, bu olduqca əhəmiyyətli bir fərqdir. Digər tərəfdən Rusiyadakı tətbiq müəyyən mənada Almaniyadakından da daha "irəli"dədir: keçmiş sinif kateqoriyaları uzun zamandan bəri tərk edilmiş olmaqla yanaşı, terrorun özbaşınalığı qarşısında irqi fərqlilik kimi bir məhdudiyyət belə mövcud deyil, dolayısıyla Rusiyadakı hər kəs qəfil polis terrorunun qurbanına çevrilə bilər. Biz burada terrorla idarə etmənin yaradacağı yekun nəticə ilə, yəni kimsənin, hətta terror edənlərin də qorxudan xilas olmadıqları həqiqəti ilə, məşğul olmayacağıq. Kontekstimizi, qurbanların seçilməsindəki özbaşınalıq yaradır; bu məqamda həlledici olan obyektiv baxımdan məsum olmaları, nə düşünmələri, nə etmələri və ya nə etməmələrinə baxmadan seçilmiş olmalarıdır.

İlk baxışda bu, gecikmiş olsa da, keçmiş günah keçisi nəzəriyyəsinin təsdiqi kimi görünə bilər və müasir terror qurbanının günah keçisinin bütün xüsusiyyətlərini göstərdiyi doğrudur: o, obyektiv və mütləq mənada məsumdur, çünki etdiyi yaxud etmədiyi nəyinsə taleyi ilə əlaqəsi yoxdur. Bu səbəbdən qurbanı məsuliyyətdən avtomatik olaraq azad edən bir açıqlama tərzinə geri qayıtmaqda belə bir başdan çıxarma var: bu açıqlama, bütün məsumiyyəti ilə bir dəhşət aparatının içində sıxışıb qalmış və taleyini dəyişməkdə tamamilə aciz fərd qədər – eyniylə yəhudilərin başına gəldiyi kimi – bizə dərindən təsir edən bir şeyin olmadığı həqiqətinə sanki son dərəcə uyğun gəlir. Bununla belə, terror, inkişafının ancaq son mərhələsində saf bir idarəetmə formasına çevrilir. Totalitar bir rejim qurmaq üçün, terrorun müəyyən bir ideologiyanın həyata keçirilməsinin aparatı kimi təqdim edilməsi lazımdır; və bu ideologiya, terror davamlı və sabit bir quruluşa qovuşdurulmadan öncə, çoxluğun, hətta əksəriyyətin tərəfdarlığını qazanmalıdır. Bir tarixçi üçün əsas məsələ, müasir terrorun əsl qurbanları halına gəlməmişdən əvvəl, yəhudilərin nasist ideologiyasının mərkəzində yer tutmasıdır. Çünki terrordan fərqli olaraq, insanları inandıran və hərəkətə gətirən bir ideologiya qurbanını özbaşına seçə bilməz. Başqa sözlə, əgər çox saylı insan "Siyon Müdriklərinin Protokolları" kimi qəliz bir axmaqlığa, bunu bütöv bir siyasi hərəkatın İncili halına gətirəcək qədər inanırsa, tarixçinin vəzifəsi artıq bu təbliğatın bir yalan olduğunu yüzüncü dəfə sübut etmək deyil. Tarixi baxımdan onsuz da bütün dünyanın bildiyi, bunun bir yalan olduğu faktı ikinci dərəcə əhəmiyyətlidir.

Bu səbəbdən günah keçisi açıqlamaları, antisemitizmin ciddiyyətindən və yəhudilərin hadisələrin yaratdığı fırtınanın ortasına itələndikləri həqiqətinin ehtiva etdiyi mənadan qaçmaq üçün göstərilən səylərdən biridir. Yenə, günah keçisi nəzəriyyəsinin tam əksi olan "əbədi antisemitizm" təlimi də eyni nisbətdə geniş yayılmış başqa bir nəzəriyyədir. Bu təlimə görə,yəhudilərə duyulan nifrət, tarixin olsa-olsa vəsiləsini yaratdığı adi və təbii bir reaksiyadır. Yəhudilərə qarşı coşmaların xüsusi izaha ehtiyacı yoxdur, çünki bunlar əbədi bir problemin təbii nəticələridir. Bu doktrinanın peşəcə antisemitist olanlar tərəfindən mənimsənilməsi təbiidir: bütün zülümlərin mümkün ən yaxşı bəhanəsi gizlidir burda. Əgər bəşəriyyətin təxminən iki min ildir yəhudiləri əzmlə qətlə yetirdikləri doğrudursa, bu halda yəhudi öldürmək adi, hətta humanist bir məşğuliyyətdir və yəhudilərə nifrət, əsaslandırılmağa ehtiyacı olmayan, birbaşa qanuni bir şeydir. Bu açıqlamanı, əbədi antisemitizm fərziyyəsini daha da təəccüblü edən xüsusiyyət, çox böyük sayda tərəfsiz tarixçi və yəhudi tarixçilərinin demək olar ki, hamısı tərəfindən mənimsənilmiş olmasıdır. Həmin nəzəriyyəni bu qədər təhlükəli və ağılı qarışdıran edən də bu qəribə təsadüfdür. Nəzəriyyənin qaçış əsası hər iki nümunədə də eynidir: necə ki, antisemitistlərin konkret cinayətləri üçün dünya tarixindən bəhanələr taparaq məsuliyyətdən qaçma meylləri aydın bir şeydir, təcavüzə məruz qalan və müdafiə vəziyyətində olan yəhudilərin öz öhdəliklərinə düşən payı heç bir hal və şəraitdə müzakirə etmək istəməmələri də eyni şəkildə, hətta, bəlkə də, daha aydın bir haldır. Lakin yəhudilərin vəziyyətində də, bu doktrinanın başlıca tərəfdarı olan xristiyanların vəziyyətində də rəsmi üzürçülərin qaçış meylləri daha az rasional, amma tarixi baxımdan daha əhəmiyyətli motivlərə əsaslanır.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR