Tərəfsizlik saxta mövqedir

Georg Kristof Lixtenberq

Kitab - müəllif

Kral bir fərman çıxarıb: daşı almaz hesab etməyənə ölüm cəzası!

Başqalarının təsirinə qapılma! Kimsənin fikrini, sənə uyğun olub-olmadığını dəqiq bilmədən səninkiymiş kimi təkrarlama. Özün fikir irəli sür, ən yaxşısı, bax, budur.

Səkkiz dənə kitab yazıb. Səkkiz dənə ağac əksəydi ya da səkkiz dənə uşaq ortaya çıxarsaydı, daha yaxşı iş görmüş olardı.

“Tanrı insanı öz sürətində yaratdı” deyirlər. Bu fikir hər halda bu mənaya gəlir: İnsan Tanrını öz sürətində yaratdı.

Desəm ki, dişlərini təmiz saxla, ağzını hər səhər yaxşıca çalxala, kimsə buna yetəri qədər diqqət etməz, ancaq belə desəm diqqət çəkərəm: Bu işi həyata keçirərkən iki əlinin orta barmağından istifadə et, özü də xaç şəklində tutaraq. İnsan mistik söhbətlərə meyllidir. Bundan faydalanmaq gərək.

Kənd qızları ayaqyalın dolaşır, kübar qızlar döşü açıq.

Dünyamız hələ o qədər bilgi baxımından həssaslaşıb incələşəcək ki, gün gələcək Tanrıya inanmaq xəyalatlara inanmaq qədər gülünc olacaq.

Dünyadakı əksər pisliklərin səbəbi, əski qanunlara, adətlərə və inanclara sorğulamadan sayğı duymaqdır.

Bəziləri sənət araşdırmalarını gülünc göstərmək üçün, bu fəaliyyətin bir çox rəsm əsərləri haqqında bəsit kitab yazmaq olduğunu söyləyir. Amma danışıb yazdıqlarımız, başımızın içindəki ağ təbəqənin üstündəki rəsmlərin, zehnimizdəki o xəyali rəsmlərin təsvirindən başqa nədir ki?

Gördülər ki, adamın təpəsinə Katolik qafası oturda bilmirlər, heç olmasa Protestan qafası mövcud olmasın deyə, başını kəsib uçurdular.

Göstərdiyi təsir ən yaxşı kitabların göstərdiyi təsirə oxşayırdı. Axmaqları lap axmaqlaşdırır, ağıllıları daha da ağıllı edirdi. Bu cərgədən qıraqda qalan minlərcə adam isə dəyişmədən qalırdı.

Vətən sevgisiylə bağlı elə sözlər yazırdılar ki, oxuyanlar sevimli vətənimizi lağa qoyurdu.

Yad bir dildə yaxşı danışmağı öyrənmək və cəmiyyət içində həmin yad xalqın aksentiylə danışmaq üçün təkcə hafizə və yaxşı eşitmək qabiliyyəti yetmir, gərək müəyyən ölçüdə təlxəkliyi də bacarasan.

Kitab aynadır; ona baxan meymundusa orada həvariylə qarşılaşa bilməz. Axmaq adamla bilgəlik barədə danışacaq kəlmələrimiz yoxdur. Bilgəni anlayan zatən bilgə olacaq.

“Həyat necə gedir?” deyə bir kor çolaqdan soruşub. “Gördüyünüz kimi” deyə çolaq kora cavab verib.

Bəlkə analara kültür bəxş edək, yəni demək istəyirəm ki, bəlkə uşaqları ana bətnində tərbiyələndirək, hə?

Mənim üçün dünyanın ən əyləndirici üzü insan üzüdür.

Elə qüvvətli yağış yağdı ki, donuzlar təmizləndi, insanlar kirləndi.

İnsan bəzən içki içməli ki, beynindəki qırışlara və orada gizlənən fikirlərə elastiklik gətirsin.

Ağıllı insanlarla oturub durmaq hər kəsə ona görə tövsiyyə olunur ki, bir axmaq bu yola üz tutsa, təqlid yoluyla ağıllı davranışları öyrənə bilər, çünki ən böyük axmaqlar belə təqlid etməyi bacarırlar, hətta meymunlar, pudellər və fillər belə.

Ruh bəsitdisə, beynin bu dərəcədə incə quruluşa malik olmasının məqsədi nədir bəs? Bədənimiz makina olduğuna görə, makina ləvazimatlarından əmələ gəlib yəqin ki. Beynin daxili bölümlərinin, bizim hər halda yüzdə birini belə anlaya bilmədiyimiz bir məharətlə formalaşdırılması, daxilimizdəki mexaniki amilin daha mürəkkəb olduğunun dəlilidir.

Yas tutan dullar görəsən nə üçün bu qədər gözəl görünürlər? (Araşdırma mövzusudur)

İnsanlar şərabın səbəb olduğu bəd hadisələri örnək göstərməkdə həvəslidilər, halbuki şərabın insana göstərdiyi yüz cür yaxşı təsir də var ki, xəbərdar deyilik. Şərab yaxşı insanın yaxşı meyillərini, pis insanınsa pis meyillərini daha artıq şiddətləndirir.

Tərəfsizlik saxta mövqedir. İnsan daima tərəf tutur və yaxşı da edir. Hətta tərəfsizlik belə tərəf tutmaqdır. O, tərəfsizlərin tərəfini tuturdu.

“Təəssüf ki, su içmək günah deyil..Halbuki elə olsaydı dadı nə gözəl olardı”, deyə hayqırdı bir italyan.

Bir kişinin məşuqəsinə baxaraq onun şəxsiyyəti haqqında qənaət əldə edə bilərik. Qadında onun zəiflikləri və röyalarını görərik.

Dünyanın daha güclü və ağıllı kəsiminin elmi mövzularda özünə bu qədər az güvənməsi, daha zəif olan qisminə bu qədər çox cəsarət verir.

Bu adamın hərarətlə sevdiyi iki insan vardı sadəcə: Biri ən böyük yaltağı, digəri isə özüydü.

Yeni bir qadın şairin ortaya çıxdığını eşitmək mənə hər zaman məmnunluq bəxş edir. Ah, kaş kişilərin şeirlərini örnək alaraq yazmayaydılar..O zaman özlərinin kəşf etdiyi yeniliklər bizi heyrətləndirərdi.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR