Xoşbəxtlik elmi

Emosional intellekt
Photo

İnsanlar “elm” barədə düşünəndə, təbii olaraq görə və toxuna bildikləri nəsnələr – atomlar, planetlər və robotlar haqqında düşünürlər. Onlar xoşbəxtlik kimi subyektiv təcrübələrin vacib olduğunu bilirlər, lakin belə təcrübələrin elmi üsulla öyrənilə biləcəyinə inanmırlar. Bu, isə tamamilə yanlış inancdır.

Sual: Bu adam niyə xoşbəxtdir? (Cavab: O, özündən daha yaxşısıyla evlənib)

Merilin Olifant & Daniyel Cilbert

Daniyel Cilbertin sizə 4 asan və bir çətin addımı atmaqla, xoşbəxt olmağı öyrədəcək təlimat qaydası yoxdur. O, heç insanın düşdüyü vəziyyəti izah etməkdən ötrü Freydə, Marksa və Modernizmə ehtiyac duyan mütəfəkkirlərdən də deyil.

Harvard Universitetinin Hedonik Psixologiya Labaratoriyasının Direktoru olan Cilbert insan beyninin öz gələcəyini necə və nə qədər yaxşı təsəvvür edə bildiyi və onun hansı səbəblərə görə necə və nə qədər yaxşı zövq ala bildiyi haqqında fəlsəfənin, psixologiyanın, nevrologiyanın və davranış iqtisadiyyatının bizə nələr öyrədə biləcəyini araşdıran bir elm adamıdır.

Biz insanın subyektiv emosional təcrübəsini necə ölçürük; “pozitiv hedonik təcrübənin” rolu; kəmiyyət fərqliliklərini keyfiyyət fərqlilikləri ilə dəyişmək üçün elmi cəhd; neqativ emosiyaların bizim həyatımızdakı rolu; fərqliliyin dəyəri; insan bədbəxtliyinin ilkin məsumluğu itirməkdən qaynaqlandığını irəli sürən romantik anlayışı bir kənara atmağın labüdlüyü - aşağıda Cilbert bu mövzulara dair fikirlərini bildirir.

(Daniyel Cilbert:) İnsanlar “elm” barədə düşünəndə, təbii olaraq görə və toxuna bildikləri nəsnələr – atomlar, planetlər və robotlar haqqında düşünürlər. Onlar xoşbəxtlik kimi subyektiv təcrübələrin vacib olduğunu bilirlər, lakin belə təcrübələrin elmi üsulla öyrənilə biləcəyinə inanmırlar. Bu, isə tamamilə yanlış inancdır.

Bir şeyi elmi üsulla öyrənməkdən ötrü nə etməliyik? Bir kəlmə: ölçməliyik. Əgər sən bir şeyi ölçə bilirsənsə, onda onu elmi cəhətdən də öyrənə bilirsən. Biz insanın subyektiv emosional təcrübəsini ölçə bilərikmi? Sən mübahisə edəcəksən. Amma insanlar həm sözlər, həm də davranışlar vasitəsiylə təcrübələrini – gördüklərini, eşitdiklərini, qoxladıqlarını, düşündüklərini və hiss etdiklərini deyə bilərlər, bütün bunlar isə elmi təcrübənin əsaslandığı çox əhəmiyyətli məlumatlardır. Əgər düşünürsənsə ki, bu məlumatlar etibarlı və keçərli deyil, onda sən mənim araşdırmalarımı ciddi qəbul etməyib bir kənara qoya bilərsən.

Amma onda prinsipiallıq xatirinə gərək sən özün də eynəklərini və kontakt linzalarını bir kənara qoyasan, çünki optometriya o elm sahələrindəndir ki, tamamilə insanların subyektiv təcrübələri əsasındakı məlumatlara əsaslanaraq qurulub. Bir optometristin sənin vizual təcrübəni bilməkdən ötrü edə biləcəyi yeganə şey sənə təxminən belə suallar verməkdən ibarətdir: “Belə daha yaxşı görürsən, yoxsa (düyməyə toxunur) belə?”

Optometrist sənin verdiyin cavablara əsaslanaraq, görmək qabiliyyətini kifayət qədər yaxşılaşdıran linzalar yaratmağa müvəffəq olur. Doğrudan da əgər sənin subyektiv vizual təcrübələrin əsasındakı məlumatlar olmasaydı, optometriya kimi bir elm sahəsi də mövcud olmazdı. Heç bir “obyektiv test” – nə göz, nə qan, nə də beyin testi – bu məlumatları təmin edə bilməz. Qısaca desək, insanlar özlərinin subyektiv təcrübələri əsasında olan etibarlı məlumatlar verə, həmin məlumatlar obyektiv olaraq toplanıla və analizdən keçirilə bilər. Əgər insanlar sənin soruşduğun zaman necə xoşbəxt olduqları barədə danışsalar, onda sən xoşbəxtliyin elmini də inşa edə bilərsən. Həqiqətən də bu cür elm yaratmaqdan ötrü başqa bir yol mövcud deyil.

İnsan davranışının təməlində xoşbəxtliyə can atmaq olduğunu eşidəndə, əksəriyyətin əti ürpəşir. Onların iki cür etirazı var. Birincisi (onlar deyirlər), insan xoşbəxtlikdənsə başqa bir çox şeylərin marağında olur, məsələn, həqiqətin, ədalətin, Amerikan tərzinin – üstəlik, həyatda xoşbəxtlikdən daha vacib şeylər də var.

İkincisi (onlar əlavə edirlər), xoşbəxtliyin müxtəlif növləri var – məsələn, mənim yetimləri aclıqdan qorumaqdan duyduğum dərin mənəvi xoşbəxtlik hissi pul yığmaq kimi ucuz, küt xoşbəxtlik hissindən çox daha üstündür.

Amma hər iki etiraz yanlışdır.

Birincisi, əlbəttə insanlar bir çox şeylərə dəyər verirlər - ən kiçik şeydən tutmuş, ən böyük şeylərə qədər, Belçika şokoladlarından evlilikdə sədaqətə qədər – lakin mən inanıram ki, onlar bütün bunları məhz hedonik (zövq, həzz yaşamaq istəyi) nəticələrə səbəb olduqlarına görə dəyərləndirirlər. Bu mənada Platon bizim bir şeyin nəyə görə yaxşı olduğunu düşünməyimizi istədiyində çox dəqiq demişdi: “Bu şeylər sonda zövqlə sonlanmalarından, bizi əzabdan xilas etmələrindən savayı başqa nəyəsə görə yaxşıdırlarmı? Sən onları yaxşı adlandırarkən zövq və ağrıdan başqa bir standartı nəzərə alırsanmı?” Əgər söhbət buracan gəlib çıxırsa, onda mən toqa geyinmiş adamın tərəfindəyəm (Toqa-antik kişi libası). Zənnimcə, qiymətləndirmək elə “pozitiv hedonik təcrübə” mənasına gəlir. Biz bir şeyin nəyin naminə yaxşı olduğunu müəyyənləşdirmədən ona yaxşı deyə bilmərik, buna görə də əgər biz insanların yaxşıdır deyə düşündəkləri bir çox şeylərə baxsaq görərik ki, onlar insanları xoşbəxt edirlər deyə yaxşıdırlar.

İkinci arqument də yanlışdır. Düzdür, pulu xərcləmədən yığmaqla yetimləri qorumaq eyni şey deyil. Ancaq bu iki təcrübəni bir çox meyarlardan qiymətləndirəndə, onlardan birinin xoşbəxtlik meyarı olduğu məlum olur. Bu təcrübələr müxtəlif miqyaslarda xoşbəxtliyin ortaya çıxamasına səbəb olur, amma bu elə eyni növ xoşbəxtlik hissidir.

Bəlkə də bu, semantik abstarksiyaya bənzəyir, amma əslində belə deyil. Üstəlik bu çox vacib məqamdır. Elm kəmiyyət fərqliliklərini keyfiyyət fərqlilikləriylə əvəzləmək cəhdidir. Bir vaxtlar ancaq iki növ var idi – isti və soyuq – alimlərin bu iki növün sadəcə olaraq molekulyar hərəkətlənmənin fərqli miqdarlardakı göstəriciləri olduğunu dərk etməsi böyük sıçrayışa səbəb oldu. Eyni şeyi alimlərin oksigen və dəmirin fərqli şeylər olmayıb, belə desək, protonlar, neytronlar və elektronların müxtəlif miqdarları olduğunu dərk etməsinə də aid edə bilərik. Buna müvafiq olaraq, müxtəlif subyektiv təcrübələr müxtəlif həcmdə xoşbəxtlik ehtiva edir, bu da ki, təcrübənin əsas inqrediyentinin əsas ölçüsüdür. Müxtəlif həcmlərdə xoşbəxtliyi olan təcrübələr hava və dəmir kimi, isti və soyuq kimi fərqli hiss edilə bilər. Amma əgər yetimləri qorumaqla pul yığmaq hissləri arasında fərq varsa, bu, mənim atom nəzəriyyəsindəki dəmir və havanın müxtəlif həcmləri arasında olan iddiamı təkzib etmir.

Son on ildə bir problem tez-tez mənim qarşıma çıxır: insan beyni özünün gələcək məmnuniyyətinin mənbələrini nə dərəcədə yaxşı ehtimal edə bilər? Əgər sualın cavabı “çox yaxşı, təşəkkür edirəm” olsa, onda mən işin başını buraxardım. Tədqiqatlar göstərir ki, bu sualın cavabını tapmaq uzun müddət tələb edir.

Biz gələcəkdə bizi nələrin xoşbəxt edəcəyini güman etməkdə iki səbəbə görə o qədər də uğurlu deyilik. Birincisi, biz genlərimiz və kültürümüz kimi iki mənbədən xoşbəxtliklə bağlı ifrat dezinformasiya alırıq. Həm genlər, həm də mədəniyyətlər özlərini o dərəcədə çox düşünürlər ki, bizdən özlərinin mövcudluqlarını davam etdirmək üçün müəyyən şeylər etməyi tələb edirlər. Lakin biz onlardan daha çox özümüzün xoşbəxtliyi barədə düşündüyümüzdən onlar bizə kələk gəlirlər ki, onlar üçün yaxşı olan bizim üçün də yaxşıdır. Biz uşaqlarımız olarsa, malları və xidmətləri istehsal edəriksə, xoşbəxt olacağımıza inanırıq. Lakin statistikalar göstərir ki, pulun xoşbəxtlikdə çox kiçik və keçici rolu var, analar isə ümumulikdə uşaqları ilə ünsiyyətə girməkdənsə, televiziyaya baxanda, ya da ev işləri görəndə daha xoşbəxt olurlar.

Belə olan təqdirdə, əgər biz mədəni və genetik imperativləri kənara qoysaq və hər şeyi özümüz üçün müəyyən etsək, nə hasil olar? Əgər biz sadəcə olaraq gözlərimizi qapayıb ehtimal olunan fərqli gələcəkləri təsəvvür etsək və bizi ən çox hansının xoşbəxt edəcəyini qərarlaşdırmağa çalışsaq, nə olar?

Mənim Tim Vilsonla birgə apardığım araşdırmanın nəticələri göstərir ki, insanlar gələcək hadisələri simulyasiya eləməyə çalışanda –özlərinin həminki hadisələrə olan emosional reaksiyalarını da simulyasiya eləyəndə - sistemli səhvlər edirlər. Müasir insanlar gələcəyi təsəvvür etmək qabiliyyətini adi şey kimi qəbul edirlər – halbuki bu bizim növümüzün lap təzəlikcə qazandığı qabiliyyətlərdən biridir – onun yaşı heç üç milyon il də deyil. Beynimizin gələcəyi simulyasiya etmək bacarığına imkan verən hissəsi təbiətin ən yeni kəşflərindən biridir. Buna görə də bizim bu qabiliyyətimizdən istifadə etməyə çalışarkən, kobud səhvlər buraxmağımız təəccüblü olmamalıdır. Ən əsas səhvlərdən biri əlbəttə ki, bizim bir hadisəninin həzz verən nəticələrini qədərindən artıq şişirtməyimizdir. Nə pozitiv, nə də neqativ hadisələr bizə güman etdiyimiz kimi güclü və uzunmüddətli təsir etmir. Bu “qeyri-obyektiv təsir” həm sahə, həm də labaratoriya tədqiqatlarında açıq şəkildə sübut olunub.

Kobud desək, biz öz təcrübələrimizdən yetərincə dərs götürürmüş kimi görünmürük. Təcrübədən dərs götürmək onu xatırlamaq bacarığına gətirib çıxarmalıdır, araşdırmalar isə göstərir ki, insanlar gələcəklərini ehtimal etməkdə necə bacarıqsızdırlarsa, keçmiş emosiyalarını xatırlamaqda da eyni dərəcədə bacarıqsızdırlar. Biz məhz buna görə eyni səhvləri təkrar-təkrar edirik. Məsələn, tədqiqatlarımızdan birində Demokratlar demişdilər ki, əgər 2004-cü il prezident seçkilərində Buş qalib gəlsə, darmadağın olacaqlar, amma hər zamankı kimi onlar heç də güman etdikləri qədər darmadağın olmadılar. Lakin seçkidən bir neçə ay sonra onlar xatırladılar ki, gözlədikləri qədər dilxor olublar. Belə çıxır, bu, yaddaş pozğunluqlarındakı yayğın xüsusiyyətlərdən biridir. Keçmişi xatırlamaq və gələcəyi düşünmək kimi xüsusiyyətlər bir çox bənzər qeyri-obyektivlikləri bölüşür və bir-birlərini stimullaşdırırlar.

Düşünə bilərsən ki, hər zaman xoşbəxt olmaq əla olardı, amma bizim heç bir zaman müsibət, təşviş, qorxu və ağrı hiss etməyən heyvanlara aid etdiyimiz bir kəlmə var: yemək ziyafəti.

Neqativ emosiyaların bizim həyatımızda çox vacib rol oynayırlar, çünki insanlar hər şeyin necə bərbadlaşa biləcəyini düşünəndə, qəzəb və qorxu hiss edəndə, bunun qarşısını almaq üçün hərəkətə keçirlər. Biz uşaqlarımızı və işçilərimizi qorxunc nəticələrlə necə manipulyasiya ediriksə, özümüzü də qorxunc nəticələrlə qorxuzuruq. İnsan təşviş hissinə görə haldan düşə bilər, amma bu, fövqaladə hallarda olur. Məhz təşviş və qorxu hissidir ki, bizi isti kürələrə toxunmaqdan, xəyanət etməkdən və uşaqlarımızı açıq şoseyə buraxmaqdan çəkindirir. Əgər bir kimsə sizi daim xoşbəxt edəcək təklif etsəydi, siz bacardığınız qədər uzağa baş götürüb qaçardınız. Emosiya bizə nəyi etməli olduğumuzu deyən kompasdır, əqrəbi daim şimala baxan kompas isə yararsızdır.

İnsanlar gələcək hisslərini əvvəlcədən ehtimal etməyə çalışanda səhvlər edirlər. Məndən tez-tez soruşurlar ki, belə səhvləri etməkdə təkamüldən irəli gələn hansısa fayda varmı? Əlbəttə, mən həssas gələcəyi ehtimal etmənin selektiv faydaları barədə bir hekayə düz-qoşa edə bilərəm (məsələn, uşağım ölərsə, özümü necə bərbad hiss edəcəyim hissini şişirdirəm, ona görə də onları qorumaq üçün əlimdən gələn hər şeyi eləyirəm). Amma bunun faydasız cəhətləri haqqında da hekayə quraşdırmaq olar (məsələn, rədd olunmaq hissinin mənə necə pis təsir edəcəyini şişirdirəm, ona görə də qadınlara seks təklif edə bilmirəm).Təhkiyəmizin sonunda bizim bir neçə hekayəmiz olacaq, amma bundan artığı yox. Bizim ehtiyacımız olan şey müəyyən bir prinsip əsasında bu səhvlərin maliyyətini və faydalarını hesablamaq, sonra da müqayisə etməkdir, amma bu qabiliyyət bizdə yoxdur.

Bu məqamda və başqa bir nəfər mənə əksini inandırana qədər mən öz bildiyimi deyəcəm: səhvlər pisdir; gələcəyi ehtimal etməməkdənsə, etmək yaxşıdır; bizi nəyin xoşbəxt etdiyini bilməyimiz onu əldə etmək qabiliyyətimizi artırır; və s. Bunlar mənə xüsusilə ziddiyyətli iddialar kimi görünmür. Bizim gələcəyi ehtimal etmək üçün elə böyük beyinlərimiz var ki, indiyə qədər heç bir canlının belə beyni olmayıb, bizim növümüzdən olanlar da bir neçə milyon il əvvələ qədər buna sahib deyildilər. Gələcəyi görmək yüzdə yüz işləmir, bəzən o, ümumiyyətlə işləməyə də bilər, amma ümumilikdə o, bizə fəaliyyətimizin uzun müddətli nəticələrinə baxmağa və pis davranışların qarşısını alıb, yaxşılarını təşviq eləməyə imkan yaradır.

Bizə hər zaman fərqliliyin həyata duz qatdığını deyiblər. Amma bu təkcə şişirdilmiş bir deyim olmaqla qalmayıb, insana baha başa da gələ bilər. Tədqiqatlar insanların özlərinə lazım olandan daha çox fərqlilik dalınca qaçdıqlarını göstərir. Hər dəfə dükana gedəndə fikirləşirik ki, bu dəfə başqa bir şirnini dadmalıyıq, amma faktiki olaraq insanlar hər dəfə özlərinin sevdiyi şirniyə görə gedəndə, nisbətdə daha xoşbəxt olurlar – bu zaman həm də gedişlərin sayı da seyrəlmiş olur.

Sonuncu 4 sözü çox vacibdir. Əgər sən sürətlə 4 şirni yeməlisənsə, fərqlilik sənin təcrübənə həqiqətən də duz qatacaq və sən bunun ölüsünə çevriləcəksən. Amma əgər sən 4 şirnini müxtəlif bazar ertəsi günləsi yesən, fərqlilik sənin ümumi həzzində azalmaya səbəb olacaq. İnsan beyni üçün vaxt məsələsində mühakimə yürütmək hədsiz çətindir, buna görə də biz şirnilərin dəqiqələr, yoxsa aylara uyğun bölünməsində fərqlilik axtarmağa meylliyik.

Hətta texnoloji cəhətdən təkmil bir cəmiyyətdə də bəziləri insan bədbəxtliyinin kökündə ilkin məsumluğun itirilməsi kimi romantik anlayışı axtarırlar. Məncə, bu sadəcə olaraq cəfəngiyyatdır. Hər bir nəsildə keçmişdə hər şetin asan və yaxşı olduğuna dair illuziya olur, amma faktiki olaraq bu gün hər şey bəşəriyyət tarixinin istənilən dövrüylə müqayisədə daha asan və yaxşıdır.

İlkin məsumiyyətimiz dövründə biz bir-birimizin başına dəyənəklərlə vururduq, məsum olmayanda isə Mona Lizanın rəsmini çəkdik, kosmik gəmi yaratdıq. İlkin məsumiyyətimiz piylənməyə və qlobal istiləşməyə səbəb olur, Mayls Deyvisə və Maqna Kartaya yox. Əgər növbəti min ildə bəşəriyyət ilişmədən çiçəklənməyə davam etsə, buna səbəb heç vaxt olmayan antik Edeni qaytarmaq kimi fantaziya yox, elmə və məntiqə qucaq açmağımız olacaq.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR