Qəbirsiz yazıçını oxuya bilməmək

Ədəbiyyat
Photo

Yazıçı ölüb tarix səhnəsindən çəkiləndə, sanki onun kölgəsi də mətninin üzərindən yavaş-yavaş çəkilməyə başlayır. Onda yazıçının bütün şəxsi seçimlərini boşlayıb mətnini bu yükdən azad şəkildə oxuya bilirik. Ancaq məsələ Peter Handke, Orhan Pamuk, Salman Rüşdü, Elif Şafak və müasirimiz olan, siyasi, əxlaqi və s. mövqelərini bildiyimiz digər yazıçılara gəldikdə, fikrimiz dəyişir.

İllər əvvəl magistratura tələbələrimdən biri mənə başına gələn bir hadisədən danışmışdı. Tələbəm ölkəmizin ən öndə gedən universitetlərindən birində Türk Dili və Ədəbiyyatı ixtisasında oxuyarkən, dördüncü kursun yekun imtahanı üçün müasir bir yazıçı haqqında tezis yazmaq istəyib. Ancaq məsləhətçisi buna icazə verməyib. Tələbəm bunun səbəbini soruşanda, müəllim eynən bu sözləri deyib: “Qəbri olmayan bir yazıçı haqqında tezis yazmaq olmaz”.

Bu yanaşma bizə ölkəmizdə aparılan ədəbiyyat tədrisinin keyfiyyəti haqqında əlbəttə ki, çox şey deyir. Ədəbiyyat nəzəriyyəsi, ədəbi tənqid, müqayisəli ədəbiyyat, kulturologiya kimi müasir anlayışlar bir tərəfə qalsın, müasir ədəbiyyatı belə hələ də ədəbiyyat tarixinə daxil etməyən bir zehniyyətin gördüyü işi ancaq qəbri olan yazıçıların “Həyatı – Sənəti - Yaradıcılığı”nı işləməkdən o tərəfə keçmədiyini irəli sürməklə, fikrimcə, çox da böyük xətaya yol vermiş olmaram. Amma bu yazıda mənim dərdim əslində təkcə Türkiyə universitetlərindəki ədəbiyyat tədrsini tənqid etmək deyil. Daha geniş miqyasda, ictimai təfəkkürdə yazıçı ilə mətn arasındakı əlaqənin necə başa düşüldüyünü analiz etmək istəyirəm. Son dövrlərdə xüsusilə kulturologiya sahəsiylə dərindən maraqlandığım üçün məni xüsusilə yazıçının özüylə mətni arasındakı münasibətlər və bu münasibətlərin ictimai dərketmə formaları maraqlandırır.

Yazarlar ruhi xəstədir yaxud Freydin belə deyirdi...

Biz ümumən yaşayan bir yazıçının mətninin onun siyasi, ictimai, mədəni, əxlaqi və s. mövqeyini kənara qoymaqla oxuya bilmirik. Bizdən ötrü yazıçı ilə mətni arasında məsafənin yaranması üçün yazıçı mütləq ölməli, ictimai və tarixi varlıq olmaq xüsusiyyətini itirməlidir. Yalnız bundan sonra mətn bizdən ötrü daha soyuqqanlı, analitik mütaliə üçün daha münasib hala gələ bilər.

Ədəbiyyat tarixinin vacib şəxsiyyətlərini biz müasir yazıçılara tətbiq etdiyimiz siyasi, ictimai, əxlaqi kriteriyaların sınağından keçirmədən sevirik. Yeri gəlmişkən, Platonun cinsi oriyentasiyası ilə bağlı biz nə bilirik? Şekspirin əxlaqlı adam olduğundan əminikmi? Mövlananın siyasi görüşlərindən xəbərdarıqmı? Dostoyevski bu gün yaşasaydı, onu bu gün olduğu kimi qəbul edə bilərdikmi?

Yazıçı ölüb tarix səhnəsindən çəkiləndə, sanki onun kölgəsi də mətninin üzərindən yavaş-yavaş çəkilməyə başlayır. Onda yazıçının bütün şəxsi seçimlərini boşlayıb mətnini bu yükdən azad şəkildə oxuya bilirik. Ancaq məsələ Peter Handke, Orhan Pamuk, Salman Rüşdü, Elif Şafak və müasirimiz olan, siyasi, əxlaqi və s. mövqelərini bildiyimiz digər yazarlara gəldikdə, fikrimiz dəyişir. Onların mətinlərinə asanca köklənə bilmirik.

İnsan həyata yazmaq üçün gəlibsə, yazar

Zənnimcə, müasir bir yazıçını oxuya bilməyimiz üçün ən azı iki kriteriya mövcuddur. Birinci kriteriya yazıçının tanrı, peyğəmbər, övliya filan olmasıdır! Biz ilahiləşdirmədən sevə bilmirik.

Müqəddəsləşdirmədən heyran ola bilmirik. Yazıçının sadəcə insan olması bizə kifayət eləmir. Yazıçını fövqəlinsan kimi görürük.

İkinci kriteriya isə yazıçının bizimlə eyni siyasi, əxlaqi və s. dəyərlərə sahib olmasıdır. Bu, daha çox müasir yazıçılara tətbiq edilən kriteriyadır. Keçmişin yazıçılarına bir qayda olaraq daha tolerant, müasirimiz olan yazıçılara isə əksərən daha qəddar oluruq.

Faktiki olaraq birinci kriteriyanın reallaşması çox çətin olduğundan, biz hərlənib-fırlanıb öz “məhəllə”mizin yazıçılarını sevə bilirik. Müasir bir yazıçını qiymətli hesab etməyimiz üçün onunla eyni siyasi, əxlaqi, dəyərlərə sahib olmağımız demək olar ki, qaçılmaz hala gəlir. Xüsusilə müasir yazıçıların mətnlərini yazıçıların şəxsiyyətindən kənarda oxuya bilmirik. Əslində isə bir mətni oxumaq, bəyənmək üçün yazıçının siyasi, əxlaqi və s. görüşləriylə eyni görüşlərə sahib olmaq şərtini əsas tutan hər kəs dünyaya “məhəlli” olaraq baxır. Neçə diplom sahib olursa olsun! Ünvanı, status, mərtəbəsi nə olursa olsun!

Müasirimiz olan yazıçıları özümüzə rəqib kimi görürük. Onların uğur qazanmış olmaları bizi narahat edir bəlkə də. Ona görə də yazıçının şəxsiyyətiylə dava edirik, mətniylə o qədər də maraqlanmırıq. Qəbri olan yazıçıların mətnlərinə isə bəlkə də şəxsiyyətləri tarixdən çəkildiyi üçün fokuslana bilirik. Onları özümüzə rəqib kimi görmürük. Onlar da öz müasirləriylə rəqib olublar, rəqibləriylə birgə də çıxıb gediblər.

Roman oxucuyla yazıçı arasındakı boşluqda doğulur

Məsələyə bu tərəfdən baxanda, tələbəsinə müasir yazıçı barədə tezis yazmağa icazə verməyən müəllimin düşüncə tərzini başa düşmək daha asanlaşır. O, rəsmi ədəbiyyat tarixi barədə riskə getmək istəmir, əsərlərini yazıb bitirmiş, son nəfəsini vermiş yazıçı barədə yazmağı daha məqbul hesab edir. Müasir yazıçının növbəti romanında nə edəcəyini, növbəti müsahibəsində nə deyəcəyini bilməməsi onu qorxudur bəlkə də. Ədəbiyyat tariximiz müasir ədəbiyyata toxunmadığından, o, yazıçının sözün həqiqi mənasında “tarix” olmasını istəyir, buna görə də məzarı olmayan yazıçını oxuya bilmir və tələbələrinə də oxutmur.

Bizim ədəbiyyat tariximiz müəyyən mənada ədəbiyyatı ən azı bir, iki nəsil geridən təqib edir. Ədəbi mətni sənədləşdirir. Buna görə də ədəbiyyat mətnlərinə əsla bir bütöv kimi baxmır. Ədəbiyyat fakültələrinin kifayət qədər nəzəriyyə və tənqid istehsal edə bilməmələrinin arxasında məhz bu zehniyyət dayanır. Çünki nəzəriyyə və tənqid istehsal edə bilmək üçün hər mətni digər mətnlər içində dərk edə bilmək, müqayisələndirmək, davamlılıqlarını və qopmalarını ayırd edə bilmək lazımdır.

Bu yazıda izah etməyə çalışdığım kimi, bu seçim sadəcə sahə müəllimlərinin, mövcud üniveritet strukturunun düşüncə tərzinin məhsulu deyil. Nümunədə qeyd etdiyim müəllimi tənqid etməklə, biz məsələni həll edə bilmərik. Bunun altında çox daha geniş və dərin bir ictimai düşüncə tərzi dayanır.

"Duvar" qəzeti

Qeyd: Besim F. Dellaloğlu Mayntz Qutenberg Universitetinin tədqiqatçısı olub, "Frankfurt Məktəbində Sənət və Cəmiyyət", "Romantik Müəmma", "Benjamin" və digər kitabların müəllifidir.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR