Epidemiyalar və cəmiyyət kitabının müəllifi: Pandemiyalar tarixi necə dəyişdirir?

Musahibə
Photo

Yel universitetinin tibb tarixi professoru Frenk M. Snouden özünün “Epidemiyalar və cəmiyyət: Qara ölümdən bugünə” adlı yeni kitabında yoluxucu xəstəliklərin siyasəti necə şəkilləndirdiyinə, inqilabları necə məhv etdiyinə, irqi və iqtisadi ayrı-seçkilikləri necə oturuşdurduğuna nəzər salır. Epidemiyalar şəxsi münasibətlərə, intellektualların və sənətkarların əsərlərinə, insani və təbii hadisələrə təsir etməklə, yayıldıqları cəmiyyətləri də dəyişdiriblər. Snoudenun kitabı əsrlərdən və qitələrdən keçməklə, nəhəng miqyaslıdır, müəllif sosial strukturların xəstəlikləri hansı yollarla çiçəkləndirdiyini izah etməyə çalışır. “Epidemik xəstəliklər cəmiyyətə gözlənilmədən və xəbərdarlıqsız təsir edən təsadüfi hadisələr deyil, - o yazır: Hər bir cımiyyət özünün məxsusi zəifliklərini yaradır. Epidemiyaları öyrənəndə isə, cəmiyyətin strukturunu, onun həyat standarlarını və siyasi seçimlərini dərk edirsən”.

Frenk M. Snouden “The New Yorker” jurnalının müxbirinə hazırda bütün dünyanı ağuşuna alan və cəmiyyətləri iflic edən COVID-19 virusu ilə bağlı müsahibə verib. Müsahibədəki ən maraqlı məqamları “Bilge.az” oxucularına təqdim edirik.

- Mən bir miqyaslı sualla başlamaq istərdim: Geniş götürsək, epidemiyalar müasir dünyanı yaratmaqdan ötrü hansı yollardan keçiblər?

- Epidemiya elə bir xəstəlik növüdür ki, sanki səni güzgüyə baxmağa və əslində kim olduğunu görməyə vadar edir. Epidemiyanın birmənalı şəkildə bizim münasibətlərimizdən tutmuş, ölüm-qaldımızacan, hər şeyimizə təsir etmək bacarığı var. O, bizim ətraf mühitlə olan münasibətlərimizi də güzgüdə əks ettdirir – söhbət bizim yaratığımız tikili ətraf mühitlə ona reaksiya verən təbii ətraf mühit arasındakı münasibətlərdən gedir. Epidemiya bizim bəni insan kimi bir-birimizlə olan əxlaqi münasibətlərimizi və bu gün bu münasibətləri necə gördüyümüzü də nümayiş etdirir.

Bu, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yorulmadan müzakirə etdiyi ən vacib məsələlərdən biri olub. Epidemiyayla bağlı hazırlığımızın başında bunlar gəlməlidir: biz insanoğlu kimi onun hamımızın başına gəldiyini dərk etməliyik; o hardasa bir insanın başına gəlibsə, hər yanda hər kəsin başına gələ bilər; başa düşməliyik ki, biz bir növün ayrılmaz parçalarıyıq; buna görə də özümüzü irqlərə, etniklərə, iqtisadi statuslara və s. bölmədən düşünməliyik.

Epidemiyalar dərin fəlsəfi, dini və əxlaqi suallar qaldırırlar. Zənnimcə, tarixin müəyyən qismini epidemiyalar formalaşdırıb, çünki onlar insanları həmin böyük suallar barədə düşünməyə vadar ediblər. Taunun yayılması məsələn, insanla Tanrı arasında böyük suallar qaldırmışdı. Kamil, hər şeyi bilən və hər şeyə hakim bir ilahi qüvvə taunu necə yarada bilərdi? Saysız-hesabsız körpənin belə qəddar məşəqqətlərə düçar olmasına o necə icazə verə bilərdi axı?

Koronavirus vaksinləri ilə bağlı ən çox verilən 6 sualın cavabı

Taun epidemiyasının iqtisadiyyata nəhəng təsiri olmuşdu. O, bütöv bir qitənin əhalisinin yarısını öldürmüşdü, ona görə də gəlməkdə olan sənaye inqilabına, köləliyə və təhkimçiliyə nəhəng təsir göstərmişdi.

Bizim indi gördüyümüz kimi, epidemiyaların həm də ictimai və siyasi sabitliyə böyük təsiri vardır. Onlar müharibələrin nəticələrini müəyyənləşdirir, bəzən də müharibələrin başlamasına səbəb olurlar. Ona görə də deyə bilərik ki, insan həyatının elə bir sahəsi yoxdur ki, epidemik xəstəliklər ona hərtərəfli təsir göstərməmiş olsun.

- Bizim epidemiyalara necə reaksiya verəcəyimizi əksərən irqi və dini baxışlarımız müəyyənləşdirir, nəinki ümumi insaniyyətimiz, bu reaksiya isə müəyyən mənada insanoğlunun qüsurlarını göstərir. Siz bunumu deməyə çalışırsınız? Yoxsa başqa şeyi nəzərdə tutursunuz?

- Xəstəliklər cəmiyyətləri təsadüfi və xaotik yollarla sarsıtmır. Bunlar nizamlı hadisələrdir, çünki mikroblar obyekt seçməklə genişlənir və insanların yaratdığı ekoloji cəhətdən uyğun yerləri - oyuqları araşdırmaqla, yayılırlar. Həmin oyuqlar məhz bizim kim olduğumuzu göstərir – məsələn, sənaye inqilabında biz fəhlələrin başına gələnlərdən və əksər həssas insanların həyat şəraitindən çox qayğılanırdıq.

Bugünkü dünyada isə taun və vərəm yoxsulluğun və bərabərsizlin yaratdığı xəttlər boyunca irəliləyir, biz bunu uyğun, münasib və yaxud qaçılmaz bir şey kimi qəbul etməyə hazırıq. Amma bu da həqiqətdir ki, bizim reaksiyamız dəyərlərimizdən, öhdəliklərimizdən, özümüzü kiçik bir qrupun üzvü kimi deyil, insan irqinin bir parçası kimi hiss etməyimizdən də çox asılıdır. ÜST-ün Çindəki missiyasının rəhbəri Brus Ailvard missiyasını bitirib Cenevreyə qayıdanda, ona sizin mənə verdiyiniz suala bənzər sual verilmişdi. O cavabında belə demişdi ki, baş verməli olan şey bizim düşüncə tərzimizdəki fundamental dəyişiklikdir, yetər ki, biz indi və gələcəkdə buna hazır olaq. Bizlər insan növləri kimi birlikdə işləməli, bir-birimizin qayğısına qalmalı olduğumuzu başa düşməli, aramızdakı ən həssas insanların sağlamlığının bizim hamımızın sağlamlığını müəyyən edən amil olduğunu dərk etməliyik. Əgər bunu etməyə hazır olmasaq, insanlıq qarşısındakı nəhəng problemləri əsla həll edə bilməyəcəyik.

İnsanlar arasında peyvəndlə bağlı narahatlıq nədən qaynaqlanır?

- Onda məncə, bu çox bədbin düşüncədir, çünki zənnimcə, düşüncə tərzimizdə heç vaxt bu cür dəyişiklik baş verməyəcək.

- [Gülür] Mən bu məsələdə böyük optimist olduğumu deyə bilmərəm, amma buna ehtiyacımız olduğu fikriylə razıyam. İnsanlığın qaranlıq tərəfi də var və bu suallar doğurur. Biz hansı yolu seçməliyik? Qaranlıqla üzləşsək, nə etməliyik? Bunun əvvəlcədən müəyyənləşdirildiyi fikriylə razı deyiləm, bizim qarşımızda böyük bir əlxaqi dram oynanılır.

- Bizim epidemiyaya necə reaksiya verməyimizlə onun fövqəlliyi arasındakı əlaqə ideyası demək olar ki, İncilvaridir.

- Tamamilə razıyam. Bu sizin dediyiniz dərəcədə mövcud olan bir reallıqdır və bu, bizim əlxaqi öhdəlik hissimizin vacib bir qismidir. Zənnimcə, bu həm də epidemik xəstəliklər tarixinin böyük bir qismidir.

- Bəs elə epidemiyalar varmı ki, ona verilən cavab insanlıqla bağlı ümidlər oyatsın?

- Ah, əlbəttə ki, var. Mən onun bizim güzgüdəki əksimiz olduğunu deyəndə, təkcə qaranlıq tərəfimizi nəzərdə tutmurdum. O həm də qəhrəmanlıq tərəfini göstərir. Bunun ən yaxşı nümunəsi Ebola böhranındakı Sərhədsiz Həkimlər idi. Onlar öz mənafelərini və s. güdmədən şüurlu şəkildə və fədakarcasına öz həyatlarını, gələcəklərini təhlükə altına qoyurdular, səbəb də sırf bu idi ki, dünyanın ən zəif insanlarının həyatını və sağlamlığını qorumaq istəyirdilər. Sərhədsiz Həkimlər bunu hər gün dünyanın müxtəlif bölgələrində edirlər.

Mənim inancıma görə, bu həm də yüksək keyfiyyətlərdən xəbər verir. Bu vacib hadisələr barəsində romanlar belə yazılıb.Bizim ədəbiyyatımıza və mədəniyyətimizə təsir göstərir bu. Mənim yadıma italyan romançı Alessandro Manzoninin taundan bəhs edən “Nişanlı” adlı dahiyanə romanı düşür. Kitabda o, Milan arxiyepiskopu Kardinal Borromeo-dan bəhs edir. Kardinal müsibətə uğramış evlərə gedir və öz icmasının ən zavallı və yoxsul insanlarına qulluq etmək üçün həyatını qurban verməkdən belə çəkinmir.

İspan qızdırması müasir İsveç rifah dövlətini necə yaratdı?

- Bəs epidemiyadan sonra dünya liderlərinin, yaxud rejimlərinin pozitiv reaksiyaları, pozitiv siyasi dəyişikliklər barədə nəsə deyə bilərsinizmi?

- Şübhəsiz. Yeni Dünyada quldarlığın başa çatmasını misal göstərə bilərəm. Bunun və Haiti üsyanı ilə Tussen Luvertyurun uğurunu hər şeydən əvvəl sarı qızdırma epidemiyası müəyyənləşdirmişdi. Napoleon Haitidə quldarlığı bərpa etmək üçün böyük armada göndərəndə, üsyançı qullar qalib gəldi, çünki Napoleon ordusundakı ağ avropalılardan fərqli olaraq, afrikalı qulların epidemiyaya qarşı immuniteti vardı. Bu, Haitinin müstəqilliyinə gətirib çıxardı. Yeri gəlmişkən, əgər Amerikan baxış bucağından baxsaq, məhz bu, Napoleonu Yeni dünyada Fransız hakimiyyət qurmaq fikrindən daşındırmış və 1803-cü ildə Tomas Ceffersonla Birləşmiş Ştatların ərazisini iki qat artıran Luizina müqaviləsini bağlamağa sövq etmişdi.

- Bunu tərsinə çevirsək, epidemiyalar siyasi irtica ilə nə qədər tez-tez əl-ələ gediblər və yaxud siyasi irtica üçün bəhanə olublarmı?

- Zənnimcə, epidemiya həmişə siyasi irticanın da bir parçası kimi görünüb. Mən 19-cu əsrin təkcə üsyanlarına görə deyil, siyasi irticasına görə də dəhşətli dövr olduğuna inanmışam. Fransada 1848-ci ildəki inqilabdan sonra xüsusilə Parisdəki və ya Paris Kommunasından sonrakı insan qırğını məsələn. Bunun belə qəddar və qanlı olmasının bir səbəbi o idi ki, hakimiyyətdəki insanlar işçi siniflərin təkcə siyasi cəhətdən deyil, tibbi cəhətdən də təhlükəli olduqlarını düşünürdülər. Onların epidemioloji xəstəlikləriylə cəmiyyətin tamamına fəlakət gətirmək inkanları vardı. Fikrimcə, epidemiya əslində təhlükəli sinifləri xarakterizə edən bir metafora idi, bu da sonra, belə deyək, 1971-ci ildə Paris Kommunası çökəndən sonra, qanlı qırğınlara gətirib çıxarmışdı.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR