“Çətin dövrlərdə” yol filmləri

Sənət
Photo

Görkəmli aktyor və rejissor Denis Hopperin artıq “kult” film mərtəbəsinə yüksəlmiş “Easy Rider” (1969) filmi təkcə 68 ruhundan ciddi mənada qidalanan və bu üsyankar ruhun ən təsirli sənət təzahürlərindən biri olmaqla qalmır, həm də yeni bir film janrına cığır açırdı: “Road movie”, bizim dilimizdə “Yol filmi” janrına...

Adətən ssenarisini səyahət və bu səyahətin “dayanacaqları” üzərində quran filmlər istər-istəməz dövrün siyasi və ictimai hadisələriylə şəkillənirlər. Bu filmlərdə məkan oxşarlıqları olsa da, əsas obrazların səyahətinin niyyəti, forması və davamlılığı müxtəlif olur. Fatih Akından tutmuş, Volter Sallesə qədər bir çox əhəmiyyətli rejissorların istifadə etdiyi bu janr təkcə bir “gediş”dən deyil, “qaçış”dan da bəhs edir. Bu filmlərin qəhrəmanları avtomobillə və ya piyada yollara düşərək, bir yerə “çatmaqdan” ziyadə, nələrisə “geridə qoymağa” çalışırlar. Məsələn, Şon Pennin real həyat hekayətindən ilhamlanmış "Into the Wild"(2007) filmi nüfuzlu bir universitetdən məzun olmuş və ciddi karyera ərəfəsində zəngin ailəsinin tələbləri və “səthi” həyatından bezərək, özüylə tək qalmaq və həyatını təkrar sorğulamaq üçün Alyaska yollarına düşən Kristofer MakKendless adlı gəncin hekayətindən bəhs edir. Oxşar şəkildə, Jan-Mark Vallinin "Wild" filmi də (2015) yenə real əhvalatdan ilhamlanmaqla, Şeril Streyd adlı gənc qızın xüsusi münasibəti olan anasınının vaxtsız vəfatından sonra, “çökmüş” bir evlilik və narkotik aludəçiliyi kimi ancaq pis xatirələrdən ibarət yaşantısını geridə qoyub, həyatını sanki “yenidən başlamaq” və “təmizlənmək” məqsədiylə başladığı piyada səyahətindən bəhs edir. “Beat” cərəyanının ən vacib nümayəndələrindən biri olan Cek Keruakın romanından götürülmüş "On The Road" (2012) isə çox müxtəlif dinamikalardan ibarət filmdir.

Dünyanın bir çox nüfuzlu festivallarında mükafat almış (Venesiyada Qızıl Aslan Mükafatı!), lakin pandemiya səbəbindən kinoteatrlarda göstərilməsi üçün bir müddət daha gözləməli olduğumuz “Nomadland” Çole Jaonun üçüncü uzunmetrajlı filmidir. Növbəti “yol filmi” kimi yadda qalan ekran əsəri Fern adlı orta yaşlı qadının “sərgərdan” həyatından bəhs edir. Eyni zamanda da dövr etibarilə ilk başda Birləşmiş Ştatlar olmaqla, bütün dünyaya təsir göstərən 2008-2009-cu illərdə baş verən iqtisadi böhran və “durğunluq” dövrünü filminin arxa planına qoymaqla, rejissor “Amerikan istehlakçı cəmiyyəti”ni də incə bir şəkildə tənqid edir. Şübhəsiz ki, baş qəhrəman yenə ağrılı bir hadisəni geridə qoymaq niyyətiylə səyahətə çıxıb. Ancaq bu dəfə “azadlıq hissini müşayiət edən populyar bir dekorasiya içərisində “qəzaya uğramış” insanları birləşdirən “Amerika autopsiyasına” tamaşa etmək duyğusu da var”.

Fern əri Bo ilə birlikdə yaşayan, Nevadada işlədikləri zavodun bağlanmasıyla əvvəlcə işini, sonra da ərini itirən və kiçik karavanında yaşamağa başlayan orta yaşlı bir qadındır. Yeni həyatında Amerikanın müxtəlif şəhərlərini və bölgələrini karavanıyla gəzən Fern bu vaxt ərzində müvəqqəti işlər görərək, özü kimi yol seçmiş insanlarla rastlaşır və “daxili” səyahəti də getdikcə, dərinləşməyə başlayır.

Dəyişiklik niyə yaxşı həyata aparan yeganə yoldur

İTİRİLƏN EV DEYİL, BİNADIR!

Əslində rejissor “atılmışlar” Amerikasına nəzər yetirərkən, hələ filmin başlanğıcında baş qəhrəmanın verdiyi cavabla nəyi vurğulamaq istədiyinin siqnalını verir: bir dövr “əvəzləyici” müəllikliklə məşğul olmuş Fern küçədə rastlaşdığı və ondan evsiz olub-olmadığını soruşan şagirdinə “Evim var, binam yoxdur!” deyə cavab verir. Əksər filmlər içi heç də gözəgəlimli olmayan, hətta olduqca pis olan kiçik bir karavanda yaşamağa məcbur olmağı obrazını “qurban” kimi göstərmək üçün istifadə edərdi, amma Jao belə şeylərə baş qoşmadığını və Fernin də bu məhdud dünya xaricindəki daha böyük məsələlərlə məşğul olduğunu vurğulayır. Çünki Fern ay sonunu zorla gətirsə də, dolanmaq üçün ofisiantlıq və qulluqçuluq kimi müvəqqəti işlər görsə də, bu “ikinci” həyatında əsla “həqiqi ev”, daha doğrusu “sabit ev” arzusunda olmur. Hətta ailəsindən və dostlarından gələn bütün təkliflərdən də nəzakətlə imtina edir. Üstəlik bu dövrün Amerikada böyük “evsizlər” böhranını yaradan 2008-ci ildən sonraya təsadüf etməsi də bir mənada Fernin təmkinli və fərqli həyatına köməyi dəyir. Amma həm rejissor, həm də baş qəhrəman bu sabit həyata uyğunlaşmağa çalışan insanları tənqid etməklə bərabər, onları heç bir vəchlə alçaltmır və ya onlara yuxarıdan aşağı baxmırlar.

YOLLARDA OLMAQ...

Karavanla dayanmadan yer dəyişdirərək, “sərgərdan” həyat yaşamaq bir çox gəncdən ötrü “həyacan” vasitəsi ola bilər, ama 60 yaşlarında olan Fern bunu “dinclik” vasitəsi kimi görür. Biraz özbaşına buraxılmış ölkədə, “avtomatlaşmış” cəmiyyətin uzağında, bəzən təkbaşına, bəzən də özü kimi “yollara düşmüş” insanlarla olmaq, bir tərəfdən baş qəhrəmana həyata qarşı daha geniş bir baxış bucağı qazandırır, digər tərəfdən də onun unutmaq istəmədiyi itkisini (ərini) daha asan həzm etməsinə imkan verir. Üstəlik Fern müvəqqəti olaraq işlədiyi zavodda tanış olduğu Linda Mey tərəfindən özü kimi “sərgərdan” həyat yaşayan insanların görüşdüyü bir düşərgəyə dəvət edilincə, onun yaşadığı (şüurlu) tənhalıq daha “həqiqi” bir ünsiyyətə çevrilir. Fern dəvət edildiyi bu düşərgədə nəzakət, zəiflik, həmrəylik kimi bir çox ictimai dəyəri növbəti dəfə xatırlayır. Üstəlik bu düşərgə sadəcə olaraq “yollarda” olan insanların dərdləşmək və sosiallaşmaq üçün görüşdükləri bir məkan da deyil. Amerikanın o anda içindən keçdiyi dövrü (2008-lər) hərtərəfli analiz etməyə və özlərinin bu ölkədəki yerini dərk etməyə çalışan, həyatlarının gedişatı “qırılmaq” nöqtəsində gəlmiş insanların məkanıdır. Təbii olaraq da bu məkandakı insanlar mənfəət güdmür, insanların dəyərini sahib olduqları şeylərlə ölçmür və başlarına gələn travmaları kömək istəmək üçün deyil, ürəyini boşaltmaq, bir növ “təmizlənmək” üçün dilə gətirirlər. Onsuz da bu “dayanacaq”da sadəcə formal bir lider var, müəyyən bir iyerarxiya yoxdur, əvvəl-axır hər kəs çıxıb öz yoluyla gedir. Burada biz də Fernlə birlikdə, fərqli bir sosiallaşma modelinin mümkün olduğunu görürük.

MUSİQİNİN YERİ YOXDUR!

Bütün bu müsbət məqamlara baxmayaraq, Fernin həyatı heç də həmişə rahat keçmir. Bəzən karavanını saxladığı yerlərdə qala bilmir, soyuq hava və pulsuzluq (hər nə qədər arada biraz qazansa da) ona çətinlik yaradır və “qaçışı” maneələrsiz olmur. Bu vəziyyəti filmdəki bir obraz bu sözlərlə dilə gətirib: “Yollarda yaşamağı öyrənə bilərik, amma bunun üçün verməli olduğumuz qurbanlar da var”.

Nəyə görə çox ağıllı insanlar xoşbəxtliyi tənhalıqda tapırlar?

Filmin bəzi hissələrindəki sənədli film dadı verən detallar hekayənin dərinliyi və reallığı nöqteyi nəzərindən faydalıdır. (Rejossir Çole Jao yazıçı Cessika Bruderin “Surviving America in the Twenty-First Century” kitabından ilhamlanıb). Təbii ki, bu inandırıcılığa və təsirli havaya ən böyük töhfələrdən biri də canlandırdığı qəhrəmanın arxasında “görünməz olan” və onu həqiqətən ətə-sümüyə büründürən böyük aktrisa Frensis MakDormanddan gəlir.

Filmdə bəlkə də cansıxıcı yeganə məqam isə musiqidən istifadədir. Bir çox məqamlarda filmə qüvvə qazandıracaq musiqidən istifadə burada lazımsız və köntöy görünür. Xüsusilə Fernin dəfələrdə qarşılaşdığı və getdikcə yaxınlaşdığı Deyvlə olan hissələrdə yaşadığı duyğular və ziddiyyətlər Ludoviko Yenaudinin lazımsız musiqisiylə demək olar ki, “korlanır”. Filmin mövzusuna və kadrlarına uyğun gəlməyən bu musiqi ondakı istiliyi “ölgün” bir şeyə çevirir. Filmin hissiyatlı səhnələrinin altına “dinamit” qoyan bu yanaşma möhtəşəm təbiət mənzərələrinin müşayiətiylə gələn “davamlılıq” müzakirələrini biraz saf və bəsit fəlsəfi söhbətlərə çevirir.

Bizcə, bu haqsızlıqdır, çünki qarşımızda Amerika tərəfindən “övlad götürülmüş” güclü bir rejissorun (Jao Çin əsillidir) öz ölkəsində yönəltdiyi xüsusi bir “tənqidi” baxış və şübhəsiz ki, dünyanın bütün melodiyalarından daha dərin bir “soyuq” qəlbə sahib anti-qəhrəman dayanıb...

Kerem Bumin

“Gazete Duvar”

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR