Hansı dostluqları qorumağa dəyər? – Pandemiya bizə göstərir

Emosional intellekt
Photo

Pandemiyadan əvvəl Şerilin Karltonun ailəsi onun dostlarının evə axınına o qədər öyrəşmişdi ki, ən kiçik oğlu həmişə bu sualı verərdi: “Anacan, bu gün bizə kim gələcək?”

Bu mənada Vaşinqtonun Betl Qround şəhərində şirkət koçu işləyən Karlton elə bir insandır ki, sən onun sosial məsafə şərtlərində çox əziyyət çəkəcəyini gözləyərdin. Əvvəlki dövrlərdə o, bir dostuyla qaçaraq nahar eləməyə və ya qəhvə içməyə gedər, başqa bir yoldaşıyla oradan çıxar; uşaqlarını basketbol məşqinə aparıb gətirər; axşam isə evində bir qrup yazıçı qəbul edərdi.

Pandemiya dövründə müəyyən mənada sıx əlaqələr saxlamaq çətin idi”, - o qəbul edir. Amma mart ayında ünsiyyət mənasında özünü asılı hiss etdiyindən təcrid olunmaq qərarına gəldi və ümumən daha dinc həyatın onu yaxşılaşdırdığını hiss etməyə başladı. “Mən asılı olduğum hər cür ünsiyyətdən detoks olundum”, - Karlton açıqlamasında deyir: “İndi istəyirəm ki, elə ancaq özümə vaxt ayırım, buna nə zaman ehtiyacımın olduğunu indi daha yaxşı başa düşürəm”.

Hər zaman yanında olan ailəsindən başqa, Karlton müntəzəm olaraq iki dostuyla görüşür, onlarla çölə idman etməyə və qəhvə içməyə gedir, əksərən də elə bu qədəri onun üçün kifayət edir. “Tez-tez yığışmağa adət edən ailələr var… Bunun üçün darıxıram, - o deyir: amma sən deyən qədər də yox”.

Aristotelin dostluq fəlsəfəsi niyə bu gün də aktualdır?

Karlton çox sayda dostunun olmasına görə özünü bəxtəvər sanır. Amma ailəsi peyvənd olunanda və hayat yenə əvvəlki axarına qayıdanda, o, çevrəsindəki hər kəslə görüşə qaçmaqdansa, öz prioritetlərinə köklənmək istəyir. Yəni, pandemiyada öyrəşdiyi həyat tərzini davam etdirmək niyyətindədir.

Məhdudlaşmış ictimai həyatda dinclik tapan yeganə insan Karlton deyil. Evdən işləməyin həftənin beş günü hər işçinin ofisdə fəaliyyət göstərməyinin gərəkli olmadığını göstərdiyi kimi, bir vaxtlar çox sayda dostluğa can atanlar da ən yaxınları və sevdikləriylə ünsiyyətin onlara doyumluluq gətirdiyini aşkar ediblər. ABŞ-da doqquz ay boyunca fövqəladə vəziyyət rejimində yaşayandan sonra, sənə aydın olur ki, kiminlə can deyib can eşidə, kiminlə gəzməyə və kiminləsə də sadəcə kəlmə kəsə bilərsən. Bir çoxları üçün yaxın ətraf heç vaxt olmadığı qədər əhəmiyyətli olub.

Zamanın bu cür məhdudlaşması sənə hər altı aydan bir içki içmək və ya nahar etmək üçün yeni təsadüfi dostluqlar və ya tanışlıqlar qurmaq üçün imkan tanımır. Sosial şəbəkələr istifadəçilərinə ehyam vurur ki, guya onların yüzlərlə, minlərlə “dostu” var, amma onların əksəriyyəti ürəyini açacağın, bel bağlayacağın insanlar deyillər. Onların hər biri sənin “İnstaqram” fidindəki kvadrat, “Feysbuk”unu yeniləyəndə, “layk” eləyəcəyin və ya hardansa tanıdığın biridir. Koronavirus erasının öyrətdiyi dərslərdən biri də budur ki, həyatda elə şeylər var ki, onları yaşla və məsuliyyətin artmasıyla öyrənirsən. Biz hamının dalınca düşmək məcburiyyətində deyilik. Elə dostluqlar var, bu dövrdən salamat çıxmırlar və bunda bir problem yoxdur.

Sağlam münasibətləri qorumaq barəsində bir neçə kitab yazan münasibət eksperti Şasta Nelson deyir ki, bir neçə dostluğu prioritet hesab edən insanların əlaqələri daha da dərinləşir və daha dərin bağlılıq hiss edirlər. “Pandemiya bizə həyatımızda baş verən çətinliklər barədə utanmadan danışmaq imkanı verir”, - Nelson deyir.

Bununla belə, o qeyd edir ki, telefon zənglərinə, mesajlaşmaya və ya “Zoom”a keçməyən dostluqları olan kəslər “bu dəqiqə tənhalıqdan çox əziyyət çəkirlər”.

Nyu York şəhərində kommunikasiya şirkətində assistant işləyən 26 yaşlı Tem Sekmən bu il ərzində doğmaları ilə nəinki daha da yaxın olub, hətta dünyanın müxtəlif nöqtələrindəki dostlarını bir-birləriylə tanış etmək kimi nadir sevinc yaşayıb. Yay ərzində o kiçik bir qrup yığıb, hər kəs koronavirus testi verdikdən sonra Pensilvaniya meşəsində bir ev tutaraq, iki ay qalıblar. Onlar ərzaq və yemək bişirmək kimi işləri bölüşdürüblər. Hər gecə ya kinoya baxıblar, ya da oyun oynayıblar.

Sekmanın dostları əvvəlcə bir-birlərini tanımasalar da, onun vaxt keçdikcə hamı bir-birinə öyrəşək məsləhətinə inanıblar. “Mənə inanmaqla onlar böyük yaxşılıq elədilər, biz doğrudan da çox əla vaxt keçirdik”, - Sekman söhbəti zamanı deyib.

Onun sözlərinə görə, vaxt həqiqətən də elə gözəl keçirdi ki, bundan belə onun “süni münasibətlərə”, yəni daha çox şəbəkə mahiyyəti daşıyan əlaqələrə vaxt ayırmaq niyyəti yoxdur. Onun daha tanışlarla və ya təsadüfi dostlarla “boş-boş danışmaq” üçün səbri çatmır. Ötən il Sekmanın özünü xoşbəxt hiss eləməsinə səbəb olub, çünki çətin və mürəkkəb mövzulardan danışmaq üçün ətrafında xeyli insan olub. İndi bu, onun istədiyi yeganə şeydir.

Supriya Qujral bu işi bir addım daha irəliyə aparıb. 48 yaşlı ana və Silikon Vadisində işləyən texnologiya mütəxəssisi pandemiya dövrünü əriylə birgə evdə keçirib və vaxtını əgər xəstələnərsə, kimə etibar edəcəyini düşünməklə keçirib. Onlar özlərinə bu sualları veriblər: “Biz kimə zəng edib salamat olub-olmadıqlarını yoxlayırıq? Kim bizə zəng edib salamat olub-olmadığımızı yoxlayır? İşlərimizi görmələri üçün biz kimlərə müraciət edirik və ya oğlumuzu kimə etibar edirik?

İctimai münasibətlər Qujrala birbaşa ailəsinə, bir ovuc yaxın dostuna və dayəsinə diqqət ayırmasına vadar edib. Yerdə qalanlarla isə o, sosial şəbəkələr vasitəsilə əlaqə saxlaya bilərdi. Ötən il ona göstərdi ki, “zaman məhduddur” və o, yerdə qalan vaxtı özü və yaxın ətrafı ilə mənalı şəkildə keçirmək istəyir. “Bu vəziyyətdən çıxanda hər şey fərqli olacaq, - Qujral proqnozlaşdırır: Bircə necə fərqli olacağını bilmirik”.

Kişi ilə qadın dost ola bilərmi?

Qujral gələcəklə bağlı bir qərara gəlib və o əriylə birgə noyabrda Divalini (Hindistan əsillilərin ənənəvi qeyd etdikləri işıq bayramı-tərc) çöldə qeyd etmək üçün xırda yığıncaq keçirməyi planlaşdırıb. Bayramda onlar bir qayda olaraq 79 nəfər qonaq çağırırlar, bu dəfə isə sayı 10-a endiriblər.

Müəyyən səbəblərdən bu daha yaxşı oldu”, - Qujral deyir. Öz prioritetləri ilə bağlı yenidən düşünüb daşınanda, o, başqaları ilə bağlı da bir qərara gəlib. “Əgər indi almağa öyrəşdiyim dəvətlərin yarısını alsam, özümü incinmiş hiss etməyəcəm”.

Çevrəni kiçik saxlamağa qərar verəndə, sərhədləri necə müəyyən etməlisən? Qujral qəbul edə bilməyəcəyi dəvətlərlə bağlı daha şəffaf olmağı planlaşdırır, o, dostlarına və ya tanışlarına bunun onun ailəsinə ayırdığı vaxtla üst-üstə düşəcəyini deyəcək.

Karltonun dostları keçən ay doğum günü ilə bağlı ona zəng vurub necə parti təşkil edəcəyi ilə maraqlananda, o, bir gün boyunca necə cavab verəcəyini bilməyib. Karlton mərasimin miqyasını xeyli məhdudlaşdırmaq istəyir, əlavə təmtəraqdan qaçırdı. “Mən səmimi və dürüst olmaq istəyir, heç kimin də xətrinə dəymək istəmirdim”, - Karlton deyib. Axırda o, dostuna deyib ki, koronavirus şərtlərindəki sosial məsafəni əsas tutaraq, kiçik miqyasda mərasim keçirmək istəyir. Karlton bundan sonra dostuyla bir dəfə də görüşüb və deyir ki, onun nəzakəlti imtinası dostunun xətrinə dəyməyib.

Münasibət eksperti Nelsonun sözlərinə görə, bəzi insanlar bir də heç vaxt pandemiyadan əvvəlki parti keçirmək coşğusuna və təqvim azarına qayıtmayacaqlar. “Biz daha düşüncəli olmalıyıq, - o deyir: Biz hər şeyə hə deyə bilmərik. Bundan sonra hər şeyə hə demək istəmirik”.

washingtonpost

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR